Uvertura.az xəbər verir ki, bu gün Xalq artisti Mustafa Mərdanovun anadan olmasının 131 ili tamam olur.
O, Tiflisdə Azərbaycan Dövlət Teatrı, Bakıda Azərbaycan Dövlət Dram Teatrı və Azərbaycan Teatr Xadimləri İttifaqında çalışıb. Onun kinoda ilk rolu “Bismillah” filmində Muzdur Qulu obrazıdır. Aktyor “Hacı Qara”, “Sevil”, “Lətif”, “Bakılılar”, “Səbuhi”, “Qara daşlar”, “Görüş”, “Əhməd haradadır?”, “Müxtəlif sahillərdə” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb. “O olmasın, bu olsun” filmindəki Həsən bəy rolu Mustafa Mərdanova böyük şöhrət gətirib. “Kəndlilər” filmi isə aktyorun yaradıcılığında yeni bir hadisə olub. O, bu filmdə bir-birinə zidd olan iki rolu canlandırıb. Aktyorun kinoda son işi 1968-ci ildə çəkilən “Qanun naminə” filmindəki Murtuzov rolu olub. 300-ə yaxın obrazlar yaradan sənət fədaisi dünyanın 30-dan çox dövlətinin və şəhərinin səhnəsində tamaşalar göstərib. Bir çox orden və medallara layiq görülən Mustafa Mərdanov 1968-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!