Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Fəhlə-gənclər məktəbində, 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. O, əvvəlcə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışıb.
Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşayıb. Sözündə və əməlində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatına gözəl, ibrətamiz əsərlər bəxş edib. Yaşadığı dövrün gerçəklikləri müxtəlif mövzularda yazdığı poetik əsərlərinin mövzusu olub. Belə ki, təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları Nigar xanımın əsərlərinin leytmotivini təşkil edib. Onların arasında “İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974), “Həzin bir axşamda düşərsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” (1982), “Zəfər nəğməsi” (1943), “Yol xatirələri”, “Avropa ətrafında səyahət gündəliyindən” kitabları (1957) nəşr olunduğu vaxtlardan böyük oxucu marağı və sevgisi ilə qarşılanıb.
Uvertura.az xəbər verir ki, bu gün Xalq şairi Nigar Rəfibəylinin vəfatından 43 il ötür. O, Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.