Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələrinin “Füzuli Şəhəri Günü” münasibətilə Füzuli şəhərinə səfəri təşkil edilib.
“Uvertüra.az” xəbər verir ki, səfərdə 70-ə yaxın diplomat, habelə 30-a yaxın səfir iştirak edir.
Diplomatik korpus nümayəndələri “Füzuli Şəhəri Günü” münasibətilə təşkil olunan tədbirlərdə iştirak edəcəklər.
Onlar həmçinin işğaldan azad edildikdən sonra Füzuli şəhərində aparılan tikinti, quruculuq işləri ilə yerində tanış olacaqlar. Qonaqların “Füzuli Şəhəri Günü” münasibətilə konsert proqramında iştirakı da planlaşdırılıb.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-i Füzuli Şəhəri Günü kimi qeyd edilir. Bu əlamətdar gün Füzuli şəhərinin 2020-ci il oktyabrın 17-də Ermənistan işğalından azad edilməsi ilə əlaqədar təsis edilib. Bu gün şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür.