Parisdə dekabrın 13-də UNESCO-nun mənzil-qərargahında “Dünyanın leksikoqrafiyada xəritələşdirilməsi: ‘Divanü lüğat-it-türk’ün 950-ci ildönümü” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, Mahmud Kaşğarinin Türk dünyasının ən qiymətli əsərlərindən biri olan məşhur “Divanü lüğat-it-türk”ün 950 illiyi UNESCO çərçivəsində qeyd olunacaq. Türk dillərinin ilk ensiklopedik lüğəti olan “Divanü lüğat-it-türk” 2024-2025-ci illərdə qeyd ediləcək yubileylər siyahısına daxil edilib.
İstanbul Millət Kitabxanasında saxlanılan və yalnız bir nüsxəsi olan əsərin son səhifəsindəki məlumatlara əsasən, Mahmud Kaşğari bu şah əsəri 1072-ci ildə yazmağa başlayıb və 1074-cü ildə tamamlayıb. Müxtəlif mənbələrə görə, Kaşğari əsərini dövrün türk hökmdarı Sultan Məhəmməd Alp Arslana təqdim etmək istəyib, lakin Alp Arslanın şəhid olmasından sonra əsər 1075-1095-ci illərdə Bağdadda hakimiyyət sürən Abbasi xəlifəsi Məhəmməd əl-Muqtədi bi-əmrillaha təqdim olunub.
Bu əsər, Mahmud Kaşğari tərəfindən ərəblərə türkçəni öyrətmək və türk dilinin ərəb dilindən daha zəngin olduğunu göstərmək məqsədilə yazılmış ilk türk dili lüğəti olaraq qəbul edilir. Kaşğari, əsərini yazarkən XI əsrdəki türk bölgələrini gəzmiş və bilavasitə özü tərəfindən toplanmış dil materiallarına əsaslanıb. Həmçinin, bu əsər yalnız bir lüğət olmaqla kifayətlənmir, türk dilinin XI əsrdəki xüsusiyyətlərini əks etdirən, fonetik və morfoloji məlumatlar təqdim edən bir qrammatika kitabıdır. Əsər, türk boylarının, şəxslərinin və yer adlarının mənbəyi olmaqla yanaşı, türk tarixi, coğrafiyası, mifologiyası, folkloru və xalq ədəbiyyatı haqqında zəngin məlumatlar da ehtiva edir. Bundan əlavə, o dövrün tibb və müalicə üsullarına dair məlumat verən bir ensiklopedik əsər kimi də diqqət çəkir.
Konfransda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Macarıstan və digər ölkələrdən alimlər, tədqiqatçılar, dövlət və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək bu əsərin tarixi, dilçilik və mədəni əhəmiyyətini müzakirə edəcəklər.