Xəbər verdiyimiz kimi, bu gün Füzuli şəhəri günüdür. Füzuli şəhəri ölkəmizin digər bölgələri kimi, zəngin mədəniyyətə malikdir. Bu yazımızda biz sizə, doğma Füzulimizin tarixi mədəniyyəti haqqında danışacağıq.
Uvertura.az xəbər verir ki, Füzuli şəhərində Əhmədalılar kəndində yerləşən Arğalı türbəsi çox məşhurdur. Rəvayətə görə əvvəllər Arğalı türbəsinin içindəki kiçik yoldan istifadə edərək Şeyx Babı türbəsinə getmək olurmuş.
Həmçinin, Buynuz xalçası kimi tanınan xalçalar Qarabağ tipinə aiddir. Onlar Dağlıq Qarabağın müxtəlif xalçatoxuma məntəqələrində istehsal olunur. Qarabağlı qocaman xalça sənətkarları “Buynuz” xalçasını əvvəllər olduğu kimi, “Horadiz” adlandırırlar. Orta Asiyada və Yaxın Şərqdə, həmçinin Azərbaycanda qoyun, öküz, keçi kimi buynuzlu heyvanları müqəddəs hesab edirdilər. Əvvəllər əkinçiliklə, məhsulla sonra totemizmlə, daha sonra isə astronomik anlayışlarla “Buynuz” müxtəlif simvol və təsəvvürü ifadə edirdi. Güc vəcəsarət rəmzi olan öküz eyni zamana, “səma qüvvələri” ilə simvollaşdıraraq, su və əkinçilik allahını təcəssüm etdirir. Xalçanını orta sahəsinin kompozisiyası tamamilə üslublaşdırılmış buynuz təsvirlərindən ibarətdir. “Buynuz” xalçalarınınorta sahəsini təşkil edən, oxşar formalı elementlər, bəzəklər incəsənət ənənəsi və ümumi qəbul edilmiş qaydalara görə, bir-birinin ardınca düzülərək üfüqi cərgə yaradır. Bu “Buynuz”ların assimmetrik quruluşu bir tərəfdən xalçanı canlandırır, digər tərəfdən isə bu xalçaları istənilən ölçüdə toxumağa imkan verir. Bu “Buynuz”ların ətrafında toplaşan, xalçanın əsaselementini təşkil edən müxtəlif formalı detallar bu kompozisiyada doldurucu element rolunu oynayır.
1913–1914-illərində Qaryagin Musiqili Dövlət Dram Teatrı yaranmışdır. Teatr Füzuli dövlət teatrı kimi də tanınır. Bu teatrın səhnəsində S.Şuşinski, Cəmil bəy Bağdadbəyov, Cəmil Vəzirov, Şamxal Vəzirov, Oktay Əhmədov, Suğra Abbasova, Səmayə Ağayeva, Mürşüd Haşımlı, Ələkbər Məmmədov, Fehruz Əliyev kimi sənətkarlar yetişmiş, əvəzedilməz obrazları ilə teatr səhnəsində böyük iz qoymuşlar. Bu teatrın səhnəsində Ü.Hacıbəyovun “Əsli və Kərəm”, ” Leyli və Məcnun”, N.B.Vəzirovun “Hacı Qənbər”, S.Vurğunun “Vaqif”, M.İbrahimovun “Həyat”, C.Cabbarlının “Almaz”, “Oktay Eloğlu”, A.Şaiqin “Vətən”, İ.Əfəndiyevin “Bahar suları” və s. əsərlər əsasında maraqlı tamaşalar oynanılmışdır. Səhnəmizin ilk məcnunu Hüseynqulu Sarabski də uzun illər bu teatrda çıxış etmişdir.