Mədəniyyət

“Doğma torpaq” filminin premyerası baş tutub – Qarabağda çəkilmiş ilk bədii film təqdim edildi

Aprelin 18-də Nizami Kino Mərkəzində Qarabağda çəkilmiş ilk tammetrajlı bədii film olan **“Doğma torpaq”**ın premyerası keçirilib. Film 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarda lentə alınan ilk ekran əsəridir.

Uvertura.az xəbər verir ki, Təqdimat mərasimində dövlət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Filmin istehsalçısı Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi və “Narimanfilm” kinostudiyasıdır. Layihənin quruluşçu rejissoru və ssenari müəllifi İlqar Safat, prodüseri isə Nəriman Məmmədovdur.

İlqar Safat AZƏRTAC-a verdiyi açıqlamada bildirib ki, filmin çəkilişlərinə 5 ildən çox vaxt sərf olunub və bu prosesə minə yaxın şəxs cəlb edilib. Çəkilişlər Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Şuşa, Qobustan, Quba, Bərdə, Zaqatala, Qax və Bakıda aparılıb.

Filmdə Azərbaycanın yaxın tarixində baş vermiş üç əsas mərhələ işıqlandırılır:

  1. İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlıların doğma yurdlarından qovulması,

  2. I Qarabağ müharibəsi və Xocalı soyqırımı,

  3. Ordumuzun 44 günlük müharibədə qazandığı Qələbə.

Süjet xəttinə əsasən hadisələr 1992-ci ildə baş verir. Londonlu jurnalist Miranda Qafqaz bəbiri haqqında sənədli film çəkmək üçün Azərbaycana gəlir və burada kəşfiyyatçı Emillə yolları kəsişir. Onların birlikdə keçdiyi çətin sınaqlar Mirandanın həm Qafqaz bəbiri, həm də Azərbaycanın tarixi ilə bağlı həqiqətləri kəşf etməsinə səbəb olur.

Ekran əsərinin əsas rollarını Rüstəm Cəbrayılov və Alina Vorontsova (Rusiya) ifa edirlər. Filmdə həmçinin Xalq artistləri Hacı İsmayılov, Məbud Məhərrəmov, aktyorlar Azər Aydəmir, Qorqud Cəfərli, Rəşad Səfərov, Əjdər Zeynalov və digərləri rol alıblar.

Filmin musiqisi Araz Hümbətliyə, operator işi Konstantin Esadzeyə, səs rejissurası isə İvan Qusakova məxsusdur.

Layihənin ərsəyə gəlməsində PASHA Holding, United Alliance Group, Gazelli Group, AzMade Group, CMS, Azersun Holding, Caspian Energy Club və İTV dəstək göstərib.

You may also like