Mədəniyyət

Dövlət Rəqs Ansamblı Bişkekdə “Mənim Azərbaycanım” konsert proqramı ilə çıxış edib

Abdılas Maldıbaev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrında Azərbaycan Dövlət Rəqs Ansamblı “Mənim Azərbaycanım” adlı konsert proqramı ilə səhnəyə çıxıb.

Uvertura.az Report-a istinadən xəbər verir ki, konsert Qırğızıstanda təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində baş tutub.

Ansamblın bədii rəhbəri, Xalq artisti Rüfət Xəlilzadə jurnalistlərə verdiyi açıqlamada Bişkek tamaşaçıları üçün xüsusi olaraq hazırlanmış proqramla çıxış etdiklərini qeyd edib.

Musiqi axşamında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Qırğızıstan və Azərbaycanın tanınmış mədəniyyət və media nümayəndələri iştirak ediblər.

Konsert zamanı səhnədə təqdim olunan “Qavalla rəqs”, “Qazaxı”, “Yaylıqlarla rəqs”, “Nağaraçılar”, “Şalı-şalı”, “Qaytağı”, “Toy”, “Qılıncdar”, “Ağ çiçəyim”, “Çayçı” kimi milli rəqslər tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.

Tədbir “Vətən” rəqsi ilə yekunlaşıb və zalda yüksək emosional ab-hava yaradıb.

Qeyd edək ki, 1970-ci ildə yaradılmış Azərbaycan Dövlət Rəqs Ansamblı ötən 55 il ərzində ABŞ, Yaponiya, İtaliya, Fransa, Almaniya, Hindistan, Çin və daha bir çox ölkədə çıxış edərək Azərbaycan milli rəqs sənətini beynəlxalq arenada uğurla təbliğ edib.

You may also like