Yanvarın 17-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) dəstəyi ilə çəkilmiş “Narqız” animasiyası, “Tərsinə kölgələr” və “Erkən hisslər” qısametrajlı bədii filmlərinin təqdimatı baş tutacaq.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, hər üç film 2023-cü ildə keçirilən “Dövlət sifarişi və dəstəyi ilə istehsal ediləcək film layihələri müsabiqəsi” və 2024-cü ildə təşkil edilən “Post-prodakşn mərhələsində olan film layihələrinə dəstək” müsabiqələrində qalib gəlmiş əsərlərdəndir.
“Peri Film” MMC tərəfindən istehsal olunan “Narqız” animasiya filminin rejissoru, izləyicilərin “Tıq-tıq xanım” animasiyasından yaxşı tanıdığı Məsud Pənahidir.
“Rental Azərbaycan” MMC tərəfindən çəkilən “Erkən hisslər” qısametrajlı filmi, 2023-cü ilin sonunda təşkil olunan film müsabiqəsində qalib olmuş əsərlərdəndir. Filmin rejissoru gənc Nurlan Həsənlidir.
Kinotənqidçi və rejissor Hacı Səfərovun “Tərsinə kölgələr” qısametrajlı bədii filmi isə “Chinar Film” MMC tərəfindən istehsal olunub və 2024-cü ildə ARKA tərəfindən keçirilən “Post-prodakşn mərhələsində olan filmlərə dəstək” müsabiqəsində qalib gəlib.
Ötən il ərzində Mədəniyyət Nazirliyi və ARKA tərəfindən 40-dan çox film layihəsinə maliyyə dəstəyi ayrılıb və həmin filmlərin təqdimatları ilin müxtəlif dövrlərində davam edəcək.