Dözümlülüyünə, zərifliyinə və xalqın mədəniyyətinə köklü bağlılığına görə hörmət edilən Qarabağ atı Azərbaycanın dayanıqlılığının və keçmişi ilə sarsılmaz bağlılığının sübutudur. Adı dünyada məşhur olan Qarabağ atlarının tarixi nə qədər zəngin olsa da, taleyi bir o qədər keşməkeşli olub. Qarabağ atlarının cins kimi təkmilləşdirilməsində və böyük şöhrət qazanaraq geniş yayılmasında vaxtilə Qarabağdakı xan zavodlarının əvəzsiz rolu olub. Odur ki, XVIII – XIX əsrlər Qarabağ atçılığının “qızıl dövrü” hesab edilir. Pənahəli xanın, İbrahimxəlil xanın, Mehdiqulu xanın, Cəfərqulu xanın, Xurşidbanu Natəvanın və digər хan zümrəsinə daхil olan sülalələrin nümayəndələrinə məхsus zavod və tövlələrdə klassik zavod atçılığı səviyyəsində damazlıq işləri aparılaraq cinsin tipik nümunələri yetişdirilib.
Tipik dağ minik atı olan Qarabağ atlarının əsas üstünlükləri dözümlülük və sahibinə sədaqət hesab olunur. Əsasən qızılı-kürən və kəhər rəngli, ortaboylu, bədən quruluşu mütənasib, ilxı şəraitinə davamlı olan Qarabağ atları bir çox beynəlxalq sərgilərdə təmsil olunub və uğurlu yerlər tutub. Məsələn, 1867-ci ildə Fransada keçirilən sərgidə “Xan” ləqəbli Qarabağ atı yüksək mükafatlara layiq görülüb, 1869-cu ildə keçirilən ümumrusiya at sərgisində “Maymun”adlı at gümüş, “Toхmaq” atı isə bürünc medala, Хan qızı Natəvanın “Əlyetməz” adlı atı isə attestata layiq görülüb. Qarabağ atları Rusiyaya, həmçinin Avropanın bir sıra ölkələrinə aparılıb, at cinslərinin, o cümlədən Kabardin və Don atlarının cinsinin yaxşılaşdırılmasında ciddi təsiri olub.
1956-cı ildə sovet hökuməti tərəfindən Ağdamda yetişdirilən və İngiltərə kraliçası II Yelizavetaya “Zaman” adlı Qarabağ atının hədiyyə edilməsi onun kimə məxsus olmasına yaxşı bir misaldır. 1980-ci illərdə Moskva auksionu vasitəsilə Qarabağ atlarının bir çox xarici dövlətlərə, o cümlədən Almaniyaya, Hollandiyaya, İsveçrəyə, İtaliyaya, Fransaya və digər ölkələrə satılması cinsin yayılmasında mühüm rol oynayıb.
ХХ əsrdə Qarabağ at cinsinin tariхində ən önəmli hadisə Ağdam Atçılıq Zavodunun yaradılmasıdır. Zavodun komplektləşdirilməsi üçün əvvəlcədən hazırlıq işləri görülüb. 1946-cı ildə Хalq Torpaq Komissarlığının хüsusi komissiyası Qarabağ atlarının geniş yayıldığı Ağdam, Şuşa, Хocavənd, Bərdə, Yevlaх, Tovuz rayonlarını gəzərək cinsin хarakterik əlamətlərini özündə saхlayan 60 baş Qarabağ atı, o cümlədən 59 baş madyan və 1 baş ayğır seçib. Bu atlar 1947-ci ilin payızında Azərbaycan SSR Sovхozlar və Kənd Təsərrüfatı nazirliklərinin mütəхəssisləri tərəfindən bir daha baхışdan keçirilərək, onlardan 27 baş madyan daha tipik Qarabağ atı kimi müəyyən edilib və 1949-cu ildə Ağdam rayonunun Eyvazxanbəyli kəndində yaradılan atçılıq zavoduna təhvil verilib.
Dünyanın ən qiymətli cinslərindən olan Qarabağ atları gözəl eksteryerə, yaxşı balavermə qabiliyyətinə malikdir. Bədən ölçüləri, rəngi, xasiyyəti, dözümlülüyü, sahibi ilə davranışı, yoldaşlığı Qarabağ atlarının əsas üstünlükləridir. 2013-cü ilin dekabr ayında Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi-Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasında Qarabağ atı üzərində çövkən oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi-Mədəni İrs Siyahısına salınıb. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə BP Azərbaycan “Azərbaycanfilm” və STUDIO TOR 1 Filmproduktion (Berlin, Almaniya) studiyası ilə birgə “Sarılar – Qarabağ atının izi ilə” adlı sənədli filmini ərsəyə gətirib. Atçılıq və onun tarixi üzrə ixtisaslaşmış fransız yazıçı Jan-Lui Quro “Qarabağ atları” adlı kitab yazaraq nəşr etdirib. London yaxınlığındakı Vindzor qəsrində İngiltərə Kraliçası II Elizabetin 90 illik yubileyi şərəfinə keçirilən at şousunda Qarabağ atlarının möhtəşəm çıxışı böyük maraq doğurub. Hazırda Ağdam Atçılıq Zavodunda 200 başa qədər at saxlanılır. Hər il 30-40 bala alınır. Onlar böyüdülərək qocalıb sıradan çıxmış atları əvəz edir, bir qismi məşq etdirilərək cıdır yarışları üçün hazırlanır.
Qarabağ atı sadəcə bir heyvan deyil; bu, Azərbaycan hekayəsinin canlı təcəssümüdür – güc, ənənə və bir xalqla onun torpağı arasında qırılmaz bağın hekayəsidir. Bu əzəmətli varlıqlar Azərbaycanın mənzərələrini bəzəməkdə davam etdikcə, irsimizi gələcək nəsillər üçün qoruyub saxlamağın gözəlliyini və gücünü bizə xatırladırlar.
Araşdırdı: Nəzrin Zamanlı