Dünyaca məşhur YouTuber MrBeast (əsl adı Cimmi Donaldson) roman yazacağını açıqlayıb.
Uvertura.az xəbər verir ki, 26 yaşlı kontent yaradıcı bu layihədə amerikalı bestseller müəllifi Ceyms Pattersonla əməkdaşlıq edəcək. Thriller və sirr janrında olacaq əsərin adı hələlik açıqlanmasa da, “Squid Game” üslubunda mövzulardan bəhs edəcəyi bildirilir. Artıq bir neçə prodüserlik şirkətinin romanın film və televiziya hüquqları ilə maraqlandığı məlum olub.
Qeyd edək ki, Ceyms Patterson daha əvvəl Bill Klinton, Dolli Parton və Maykl Krayton kimi tanınmış adlarla birgə işlər görüb.
2012-ci ildən YouTube platformasında fəaliyyət göstərən MrBeast hazırda 340 milyondan çox abunəçiyə sahibdir və ildə təxminən 700 milyon dollar gəlir əldə edir. O, həmçinin “Beast Games” adlı realiti-müsabiqə proqramının da prodüseridir.