Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, dünyaca tanınmış prodüser və DJ Burak Yeter, “Bayatı Şiraz” adlı yeni mahnısı ilə musiqisevərləri özünə cəlb etməyə hazırdır. Bir çox hitin müəllifi olan Burak Yeterin sosial şəbəkələrdə 6 milyondan çox izləyicisi mövcuddur. Onun mahnıları audio platformalarda bir milyarddan çox dinlənmə sayı ilə məşhurdur.
Yeni elektron musiqi əsərinin bütün platformalarda yayılması ilə “Yaradıcı Studio” məşğul olacaq. Prodüser Anar Reybandın sözlərinə görə, bu trekin “Yaradıcı Studio” ilə birgə ərsəyə gətirilməsi, milli yaradıcı gənclərimiz üçün mükəmməl bir hədiyyədir və həmçinin dinamik musiqi sevərlərini daha da ruhlandıracaq.
Gənc xanəndə Kənan Bayramovun ifasında olan bu mahnı, Spotify, Apple Music, Amazon Music, Deezer, Tidal, Pandora, Anghami, Claro-Musica, Melon, Kanjian, Bugs!, AWA, Naver Music, NetEase, QQ Music, Kugou, Kuwo, Napster, iHeartRadio, JioSaavn, Kuack, Flo, KKBOX, Zing, Joox, Boomplay, LINE MUSIC, Audiomack, YouSee Musik, Telmore Musik, Genie Music kimi bir çox platformada yayımlanacaq.
“Yaradıcı Studio”da musiqi yazılışı, miksinqi və səsləndirilməsi, filmlərin və reklamların dublyajı, habelə musiqi treklərinin masterinqi üçün Dolby Atmos və Stereo formatlarında imkanlar mövcuddur.
Qeyd edək ki, “Yaradıcı Studio” Mədəniyyət Nazirliyi tərəfindən yaradılan Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzində fəaliyyət göstərir və məqsədi yerli musiqi və kino sənayesi istehsalçılarının dünya səviyyəli məhsullar yaratmalarına dəstək olmaq və onların ixracını təşviq etməkdir.