Mir Cəlal adına III Hekayə Müsabiqəsinin qalibləri və münsiflər tərəfindən seçilən digər müəlliflərin hekayələr toplusu kitab şəklində nəşr edilərək oxucuların mühakiməsinə verilib.
Uvertura.az xəbər verir ki, Kitab müsabiqənin münsiflər heyətinin sədri, xalq yazıçısı Elçinin ön sözü ilə 50-yə yaxın müəllifin hekayəsini daxil edir. “Ədibin Evi”nin təşəbbüsü ilə TEAS Press tərəfindən hazırlanan “Yağışlı Bir Gün idi…” adlı kitab “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişidir – “Qatarda oxu” layihəsi çərçivəsində səyahət zamanı ADY sərnişinlərinin qiraəti üçün qatarlarda təqdim ediləcək.
Yeni nəşrin təqdimatı tanınmış yazıçı, ədəbiyyatşünas və tənqidçilərin iştirakı ilə Azərbaycan Dəmiryol Muzeyində baş tutub.
“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun icraçı direktoru Şəfəq Mehrəliyeva iştirakçıları İçərişəhərdəki Mir Cəlal ocağının həmtəsisçiləri adından salamlayıb. Bildirib ki, Fondun məqsədi Azərbaycan ədəbiyyatının tədqiq və təbliği ilə bağlı fəaliyyət qurmaqdır. Burada 2017-ci ildən bəri keçirilən və Azərbaycan ədəbiyyatında qısa hekayəçilik irsini qoruyan Mir Cəlal adına Hekayə Müsabiqəsi ənənəvi hal alıb. BDU-nun professoru Ədibə Paşayevanın ötənilki təklifi ilə münsiflər bu dəfə yalnız qaliblərin elan edilməsi ilə kifayətlənməyib, seçilmiş əsərləri müasir Azərbaycan ədəbiyyatına bir töhfə kimi kitab şəklində hazırlmağa qərar veriblər.