Oktyabrın 14-də Heydər Əliyev Sarayında əfsanəvi “Modern Talking” qrupunun solisti, dünyaşöhrətli ifaçı, bəstəkar və prodüser Tomas Anders konsert proqramı ilə çıxış edəcək.
Sarayın mətbuat xidmətindən Uvertura.az-a verilən məlumata görə özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən alman pop ifaçısı öz repertuarında olan unudulmaz mahnıları ilə pərəstişkarları qarşısında çıxış edəcək.
Qeyd edək ki, 1963-cü ildə Almaniyanın Koblenz şəhərində alman və italyan əsilli ailədə anadan olan Tomas Anders uşaqlıq illərində gitara və fortepianoda ifa etməyi öyrənib. O, 1979-cu ildə “Radio-Lüksemburq” yarışmasının qalibi olub. Onun ilk sinqlı “Judy” 1980-ci ildə çıxır. 1984-cü ildə isə T.Anders həmkarı Diter Bolen ilə tanış olur. Bəstəkar və prodüser D.Bolen özünün “Was macht das schon” adlı mahnısını T.Anderslə birgə ifa edir. 1983–1984-cü illərdə musiqiçilər “Wovon traumst du denn” adlı alman dilində 5 sinqldan ibarət albom buraxırlar. Sonra 1984-cü ildə musiqiçilər “Real Life” qrupunun “Catch me İ`m falling” hit mahnısı üzərində işləyirlər. Onlara məşhurluq gətirən ilk mahnı isə 1984-cü ilin sentyabrında buraxılan “You`re my heart, you`re my soul” hiti olur. Mahnı ilk əvvəl musiqisevərlərin layiqli qiymətini ala bilmir və yalnız “Formel Eins” proqramından sonra əsl populyarlığına qovuşur. Sinql əvvəlcə alman, sonra isə Avropa hit-paradlarını fəth edir. Duetin adı “Modern Talking” olur. Bir müddətlik uğurlu birgə fəaliyyətdən sonra, qrup üzvləri 1987-ci ildə qarşılıqlı razılıq əsasında ayrılırlar. Bir xeyli müddətdən sonra, 1998-ci ildə “Modern Talking” yenidən bir araya gəlir, lakin 2003-cü ildə qarşılıqlı razılıq əsasında növbəti dəfə ayrılırlar. 2003-cü ildən etibarən Tomas Anders öz solo karyerasına başlayır və yenidən böyük məşhurluq qazanır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.