Dekabrın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Sabit Rəhmanın əsəri əsasında hazırlanan “Əliqulu bu gün evlənir” komediyasının premyerası baş tutub.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki,pyesin librettosu və quruluşunu Xalq artisti İlham Namiq Kamal hazırlayıb.
Dövrümüzlə uyğun, maraqlı və dinamik süjet xətti olan komediyanın musiqi müəllifi Əməkdar incəsənət xadimi Oqtay Rəcəbov, musiqi mətnlərinin müəllifi isə Əməkdar incəsənət xadimi və tanınmış şair Baba Vəziroğludur.
Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu baletmeysteri Əməkdar artist Nigar Şahmuradova, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, geyim üzrə rəssamı Nübar Hüseynova, konsertmeysteri isə Fidan Əliyevadır.
Tamaşada Xalq artisti İlham Namiq Kamal ilə yanaşı, Əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, Prezident mükafatçısı Səmədzadə Xasiyev, aktyorlar Zemfira Əbdülsəmədova, Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Əliməmməd Novruzov, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Böyükxanım Məmmədova, Mehriban Rəcəbova, Əzizəxanım Kazımova və digər xor və balet artistləri də iştirak ediblər.
Səhnə əsərində İlham Namiq Kamalın ifasında Əliqulu obrazı vasitəsilə vəzifə həvəsi olan şəxslər satira və gülüş mövzusuna çevrilir.