Bu gün Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) anadan olmasının 49 ili tamam olur.
Aygün Aydın qızı Hümmətova 22 avqust 1975-ci ildə Bakının Suraxanı qəsəbəsində çoxuşaqlı ailədə anadan olub. Aygün ailədəki beş uşaqdan ilki idi.
İlkin musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988-ci ildə 13 yaşlı Aygün Azərbaycan Dövlət Uşaq Filarmoniyasına qəbul olunub. Professional səhnəyə ilk gəlişi də elə o düvrdən başlayıb.
Filarmoniyanın uşaq musiqi kollektivləri ilə böyük səhnələrdə çıxışlar edən Aygün xarici ölkələrə, müxtəlif şəhər və regionlara qastrol səfərlərinə çıxıb.
Bununla yanaşı, onun toylarda da ifa etməsi ailəsində birmənalı qarşılanmayıb, xüsusilə atası buna qarşı çıxıb. Aygün Hümmətova isə atasının ciddi etirazlarına baxmayaraq müğənni olmaq istəyindən əl çəkməyib və sənət aləmində daim irəliləməyə nail olub.
O, 1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb – televiziya, radio, böyük dövlət təbirləri və eləcə də, artıq ardıcıl şəkildə xaricdə Azərbaycan musiqi sənətini təmsil edib.
Aygün xanım bir neçə il idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmış və oradakı klinikalardan birinə yerləşdirilmişdi.
6 yanvar 2024-cü il tarixində Ankarada vəfat edən müğənninin nəşi Bakıya gətirilib.
Allah rəhmət eləsin.