Bu gün Əməkdar artist Fatma Mehrəliyevanın anadan olmasının 98 ili tamam olur.
Fatma Mehrəliyeva 4 iyun 1926-cı ildə Qubada anadan olub.
O, orta məktəbdə tədris olunan musiqi dərslərində fəallıq göstərirdi. Müəllimləri onun istedadını görüb, Fatmanı bir musiqi festivalında iştirak etməsi üçün Bakıya göndəriblər. Festivalda “Qubanın ağ alması” xalq mahnısını ifa edən Mehrəliyeva, bəstəkar Üzeyir Hacıbəyovun diqqətini çəkmişdir. Üzeyir bəy onu öz himayəsinə götürmüşdür və 1938-ci ildə Bakıya gətirmişdir.
Üzeyir Hacıbəyov Fatma Mehrəliyevanın musiqi təhsili alması, muğamları mənimsəməsi üçün hər cür şərait yaratmışdır. Fatma Azərbaycan Dövlət Konservatoriyasının (Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) fortepiano və vokal sinfini bitirmişdir.