Mədəniyyət

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev dünyasını dəyişib

Azərbaycan mədəniyyəti və sənətşünaslıq elmi böyük itki ilə üzləşib. Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev martın 16-da, 77 yaşında dünyasını dəyişib.

Uvertura.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb

Ziyadxan Alxan oğlu Əliyev 1 iyul 1948-ci ildə Şamaxıda anadan olub. 1974-cü ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini fərqlənmə diplomu ilə bitirib. 1976–1982-ci illərdə Sankt-Peterburqdakı İ.Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun Sənətşünaslıq fakültəsində təhsil alıb.

1980–1993-cü illərdə Azərbaycan Milli İncəsənət Muzeyində elmi işçi, daha sonra isə Qərbi Avropa və rus incəsənəti şöbəsinin müdiri kimi fəaliyyət göstərib. Həmin illərdə onun tədqiqatları sayəsində elmə məlum olmayan bir sıra sənət əsərləri, o cümlədən fransız barbizonçusu Jül Düprenin, rus impressionisti Konstantin Korovinin, holland rəssamı Frans Xalsın, flamand sənətkarı Piter Klassın, tanınmış Azərbaycan rəssamı Qənbər Qarabağinin və görkəmli memar Zivər bəy Əhmədbəyovun rəngkarlıq və qrafik əsərləri dəqiq atribusiya edilərək müəllifliyi müəyyən edilib.

Ziyadxan Əliyev “Səttar Bəhlulzadənin yaradıcılığında romantizm” mövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. O, uzun illər Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində incəsənət tarixi fənnini tədris edib. Eyni zamanda, Azərbaycan Rəssamlıq Akademiyasının İncəsənət tarixi kafedrasının professoru olub.

Görkəmli sənətşünas təsviri sənətin müxtəlif sahələri, o cümlədən rəngkarlıq, miniatür sənəti, dekorativ-tətbiqi sənət və memarlıq haqqında çoxsaylı kitablar, kataloqlar və yüzlərlə məqalə qələmə alıb. Onun “Naməlum Səttar”, “Sənətin Məcnunu”, “Səttar Bəhlulzadə yaradıcılığında sənətkarlıq məsələləri”, “Mir Möhsün Nəvvabın rənglər aləmi”, “Bəhruz bəy Kəngərli yaradıcılığının bədii xüsusiyyətləri”, “Bəhruz bəy Kəngərli taleyi”, “Azərbaycanın Xalq rəssamı Davud Kazımov”, “Cəmil Müfidzadə. Cizgilərə hopan ömür”, “Arif Hüseynov. Cizgilərin hikməti”, “Görüş Nurəddinoğlu. Plastikanın poetik çalarları”, “Səməd Vurğun təsviri sənətdə”, “Sabir təsviri sənətdə”, “Nəsimi dünyası rənglərin işığında”, “Azərbaycan ekslibrisi”, “XX əsr Azərbaycan heykəltəraşlığının inkişaf mərhələsi”, “Azərbaycan rəqs geyimləri” və s. kitabları, eləcə də “Bir əsərin tarixçəsi” silsiləsindən tədqiqat xarakterli məqalələri Azərbaycan təsviri sənət tarixində və sənətşünaslıq elminin inkişafında mühüm yer tutur. O, həmçinin üç cildlik “Azərbaycan incəsənəti ensiklopediyası”nın həmmüəlliflərindən biridir.

Geniş elmi və yaradıcılıq fəaliyyəti nəzərə alınaraq, Ziyadxan Əliyev 2006-cı ildə dövlət başçısının sərəncamı ilə “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

You may also like