İnad, israr və istedad bu il Azərbaycanın “Avroviziya 2024” musiqi müsabiqəsində təmsilçisi olmağı mümkün edib.
Uvertura.az xəbər verir ki, bunu jurnalist Həmid Həmidovun “Danışaq?” verilişinin yeni buraxılışının qonağı olan müğənni Fəxri İsmayılov (Fahree) bildirib.
“Ötən il mahnı yazdım, amma özümü hazır hiss etmirdim. Bir ilim var idi, qarşıma məqsəd qoymuşdum ki, il ərzində bacardıqca öz inkişafım üzərində işləməliyəm ki, inamla gedib seçmə mərhələyə müraciət edim. Məqsədim öz istedadımı, belə desək, əzmkarlığımı maksimum dərəcədə göstərmək idi”, – o vurğulayıb.
Onun sözlərinə görə, mahnı müsabiqəsində iştirak üçün seçmə mərhələ televiziya və sosial şəbəkələrdə elan olunur: “Adınızı, soyadınızı və mahnınızı göndərirsiniz. Mahnı artıq yazılmalıdır. Azı mahnının demo versiyası hazır olmalıdır”.
F.İsmayılov qeyd edib ki, bu mahnı müsabiqəsində ölkə təmsilçisi seçildiyini təsadüfən öyrənib və əvvəlcə buna inanmayıb:
“Məni televiziyaya, verilişə dəvət etdilər. Daha sonra mənə dedilər: “Fəxri, bu kabinetdə beş dəqiqə otur, indi sənə bu mahnını efirdə oxumağın üçün icazə verməyinlə bağlı müqavilə gətirəcəyik”. Birdən mənim qarşıma bir kağız qoydular. Orada yazılıb ki, mən Azərbaycanı “Avroviziya”da təmsil edəcəyəm. Razılığımı verdiyimə dair imza atmağımı xahiş edirlər. Həmin an nə baş verdiyini anlamadım”.