M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyinə həsr olunmuş konsert təşkil edilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir kİ, əvvəlcə sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova konsertin proqramı haqqında dinləyicilərə ətraflı məlumat verib.
Konsertin bədii rəhbəri və baş dirijoru Xalq artisti Fəxrəddin Kərimov olub. O, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə, konsertmeyster Əməkdar artist Samirə Aşumovanın müşayiəti ilə, solistlər Əməkdar artistlər İlham Nəcəfov (tütək), İnarə Babayeva (soprano), Tural Ağasıyev (tenor), respublika və beynəlxalq müsabiqələr laureatları Natavan Həsənova (qanun), Rameş Paşayev (balaban) və Aftandil Hüseynov (nağara) ilə birgə çıxış ediblər.
Konsertdə “Musiqiyə dəvət”, “Məryəm” süitası, “Günəşim mənim” romansı, “Freska”, “Əbədi xatirə” (əsər şəhidlərimizin xatirəsinə ithaf olunur), “Əsgərin duası”, iki hissədən ibarət “Turan motivləri”, Azərbaycan xalq melodiyaları əsasında xoreoqrafik-fantaziya – “Xarıbülbül”, “Azərbaycan rəqsi” və “Skertso” kimi əsərlər səsləndirilib.