M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli caz pianoçusu və bəstəkarı, ölkəmizdə caz musiqisinin banilərindən biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş “Maestroya sevgi ilə” adlı musiqi gecəsi təşkil edilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbir Vaqif Mustafazadə adına Xeyriyyə Fondunun təşkilatçılığı ilə keçirilib.
Konsertdə Vaqif Mustafazadənin ənənələrinin davamçısı olan və istedadlı caz ifaçıları, Xalq artisti Salman Qəmbərov, Əməkdar artistlər Şahin Növrəsli, Emil Əfrasiyab, İsfar Sarabski və Moskva Dövlət Akademik Filarmoniyasının solisti Riad Məmmədov öz çıxışlarında rəngarəng harmoniyalar, yeni səs çalarları, milli üslubun xırdalıqları, muğam və cazın ən yüksək səviyyədə birləşməsini təqdim ediblər.
Tədbirdə bəstəkarın yaradıcılığına xas olan coşqu və eyni zamanda lirik və nəcib hisslər musiqi dili ilə bir-birini əvəz edib. Əməkdar artist Ruslan Hüseynov (kontrabas), Elvin Bəşirov və Həsən Bilalov (zərb alətləri) ilə yanaşı, konsertin qonağı olan əfsanəvi caz ifaçısı Yakov Okun da öz müstəsna improvizasiyası və dəyərli fikirləri ilə musiqi gecəsinə yeni bir rəng qatıb.
Tədbiri lirik atmosferdə davam etdirən aparıcı isə Əməkdar artist Firdovsi Atakişiyev olub. Konsertdə Vaqif Mustafazadənin “Muğam”, “Xatirələr”, “Əzizənin intizarında”, “Bahar”, “Aman ovçu” əsərləri, eləcə də “Vaqif Mustafazadəyə həsr olunmuş əsər” və John Coltranenin məşhur əsərləri səsləndirilib.