Şuşaya qayıdıb bu gözəl şəhərdə böyük məmnuniyyətlə həm yaşayacağam, həm yaradacağam, həm də ürəyimdə bəzi arzularım var ki, onları həyata keçirəcəyəm.
Uvertura.az xəbər verir ki, bunu Xalq artisti Firəngiz Mütəllimova Böyük Qayıdışla bağlı təəssüratlarını bölüşərkən deyib.
Qarabağa insanların böyük həvəslə qayıtmasından fərəh hissi keçirdiyini söyləyən istedadlı sənətkar bu prosesdə gənclərin iştirakının vacib olduğunu vurğulayıb:
“Şuşada böyüyən, orada boya-başa çatan bir sənətkar kimi bu gün böyük sevinc içindəyəm. Çünki Qarabağa qayıdış başlayıb. İnsanlar doğma yurdlarına böyük məmnuniyyətlə, sevinclə qayıdırlar. Bu prosesi görəndə fərəh hissi keçirirəm”.
Xalq artisti söyləyib ki, Şuşa işğaldan azad olunandan sonra ora dəfələrlə səfər edib: “Görməyi çox arzuladığım Şuşa şəhərinə dəfələrlə getmişəm. Buna görə Allahıma şükürlər edirəm. Orada insanlarla görüşmüşük, söhbət etmişik. Hamı sevinc içindədir”.
Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya üçün zəruri şərait yaradılır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məcburi köçkünlərin yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri aparır. Bu çərçivədə işğaldan azad edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin iştirakı ilə videoçarxlar hazırlanır.
Xalq artisti Firəngiz Mütəllimovanın iştirakı ilə hazırlanmış növbəti videoçarxı təqdim edirik