İyulun 23-də Azərbaycanın məşhur estrada, muğam və opera müğənisi, aktrisa, Xalq artisti Flora Kərimovanın doğum günü qeyd edilib.
Uvertura.az xəbər verir ki, o, 1941-ci il Bakıda anadan olub. Əslən anası Zümrüd xanım Şuşalı, atası Ələkbər bəy isə Qəbələlidir.
Fəaliyyətini 13 yaşından bədii özfəaliyyət kollektivlərində başlayan Flora Kərimova həmin tarixdən Azərbaycan Dövlət Filarmoniyasında və digər mədəniyyət saraylarında, dövlət tədbirlərində çıxış edib.
1950-ci illərdən Azərbaycan Dövlət Tibb İnstitutunun “Çinar” rəqs ansambllında, 1960-cı illərdə Azərbaycan Teleradio Verilişləri Şirkətinin və Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.
1964-cü ildə Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunu (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu müalicə işi üztə tam kursu bitirib, həkim ixtisasına yiyələnib.
1977-ci ildə isə Bakı Musiqi Akademiyası vokal sinfini bitirib. Yaradıcılığında klassik opera, milli opera, xalq mahnıları, romanslar, bəstəkar mahnıları və estrada janrlarına yüzlərlə nümunələrin yer aldığı sənətkar, Azərbaycan Estrada janrının üç banisindən biridir (Rəşid Behbudov, Mirzə Babayev və Flora Kərimova).
İlk bəstəkarı Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundova olub.
Azərbaycan Dövlət Opera və Balet Teatrında (“Leyli və Məcnun”, Üzeyir Hacıbəyov) çıxış edib (1966), “Qanun naminə” (1968) bədii filmində çəkilib.
Əsrarəngiz səs tembrinə sahibi olan Flora Kərimova bəşər tarixində dörd (4-cü) oktavanı aşan müğənnilərdəndir. Bu baxımdan Flora Kərimovanın digər belə fantastik səsə malik müğənnilərdən (məsələn İma Sumac) fərqi ondadır ki, o nəinki 4-cü oktavada vokaliz etməklə yanaşı, hətta bu yüksək notlarda oxuya da bilir.
Onun səsi 4 oktavanı bütövlükdə əhatə etməsi (kontraalt, mezzo-soprano, soprano, koloratur soprano) və bundan əlavə çox böyük səs çalarına malik olan sənətkarın muğam ifa etməsi onu ifacı kimi unikallığıdır.