Mədəniyyət

Gəncədə “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktik seminar keçirilib

Gəncədə “Musiqidə milli ənənələrin təcəssümü” adlı elmi-praktik seminar keçirilib

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşəbbüsü ilə “Mədəniyyət rüzgarı” tədbirlər silsiləsinin bir hissəsi olaraq Gəncədə növbəti tədbir baş tutub. Bu çərçivədə Gəncə Dövlət Universiteti (GDU) ilə birgə “Musiqidə milli ənənələrin təcəssümü” mövzusunda elmi-praktik seminar təşkil edilib.

Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbirin məqsədi milli musiqi irsimizin, xüsusilə də Azərbaycan bəstəkarlıq məktəbinin əsas simalarından biri olan Üzeyir Hacıbəylinin yaradıcılığı əsasında formalaşan musiqi ənənələrinin yeni nəslə çatdırılması və təbliğidir. Seminar Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə keçirilib.

Seminarda Gəncə Dövlət Universitetinin rektorunun baş müşaviri, tarix üzrə fəlsəfə doktoru, dosent Asif Cavadov və MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov çıxış edərək tədbirin əhəmiyyətindən danışıblar. Onlar milli musiqimizin elmi şəkildə öyrənilməsinin və gələcək nəslə ötürülməsinin vacibliyini qeyd ediblər.

“Musiqi fənləri” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, kafedranın baş müəllimləri – sənətşünaslıq üzrə fəlsəfə doktorları Sevinc Rüstəmova və Nüşabə Seyfullayeva, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi, Əməkdar artist İlham Nəzərov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aytən Babayeva, MEMİM-in aparıcı metodisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Leyla Muradzadə tədbirdə çıxış edərək milli musiqi ənənələri və onların müasir tədris mühitində tətbiqi ilə bağlı fikirlərini bölüşüblər. Çıxışlar videomateriallar və musiqi nömrələri ilə müşayiət olunub.

Seminarın moderatoru – Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı olub. Tədbir çərçivəsində GDU-nun müəllim və tələbələrinin ifasında müxtəlif musiqi əsərləri səsləndirilib, eyni zamanda təqdim olunan məruzələr ətrafında interaktiv müzakirələr aparılıb.

You may also like