Bu gün Gəncədə Mustafa Kamal Atatürkün vəfatının 85-ci il dönümü ilə bağlı anım tədbiri keçirilib.
Uvertura.az xəbər verir ki, Türkiyənin Baş Konsulluğunda baş tutan tədbirdə Baş konsulu Rəcəb Öztop, Gəncə şəhər icra hakimiyyətinin nümayəndələri, türkiyəli iş adamları, ziyalılar, tələbələr və məktəblilər iştirak ediblər.
Əvvəlcə Mustafa Kamal Atatürkün və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib. Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop bildirib ki, Mustafa Kamal Atatürk XX əsrdə dövlət quran böyük öndərlərdən biridir, siyasi baxımdan çox çətin və mürəkkəb vəziyyətdə fəaliyyət göstərib. Osmanlı dövlətinin səylərinə baxmayaraq, ölkə xarici və daxili təzyiqlər, eləcə də Birinci Dünya müharibəsinin nəticələrinə görə çox acınacaqlı durumda olub. Mustafa Kamal Atatürk belə bir şəraitdə xalqı səfərbər edərək milli mübarizəyə başlayıb. Heç bir beynəlxalq gücün hegemonluğunu qəbul etməyən, yalnız xalqın iradəsinə, gücünə, mətinliyinə, fədakarlığına, qəhrəmanlığına arxalanan Mustafa Kamal Atatürk bu mübarizəni qələbə ilə başa çatdırıb.
Tədbirdə Mustafa Kamal Atatürklə bağlı videoçarx nümayiş etdirilib.