Digər

Görkəmli oftalmoloq, alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 102 ili tamam olur

Bu gün Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi, Milli Elmlər Akademiyasının bu sahədə ilk akademiki, fədakar alim, qayğıkeş insan Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümüdür.

Zərifə xanım 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, dövrünün görkəmli ictimai və dövlət xadimi Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açıb. Xalqımızın böyük oğlu Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub.

Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı idi. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.

1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunmuşdur.

You may also like