Bakı Fotoqrafiya Evində “Azərbaycan xalçaçıları” İctimai Birliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşəbbüsü ilə “Güllü-çiçəkli, bahar naxışlı Novruz” adlı sərginin açılışı keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, sərgidə torpağın zənginliklərini sənət vasitəsilə əks etdirən və baharın cazibədar gözəlliyini yaradıcılıqla canlandıran əsərlər nümayiş etdirilib.
Tədbirdə çıxış edənlər arasında “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, professor Röya Tağıyeva, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Aparat rəhbərinin müavini Rəna Nəsirova və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sektor müdiri Araz Bağırlı yer alıblar.
Sərgidə modelyer Tünzalə Ağabalayevanın “Azərbaycan bayrağı” adlı milli geyim kolleksiyası, İdarə Heyəti və birlik üzvlərinin hazırladığı “Keçə inciləri”, rəssam və dekorativ-tətbiqi sənət ustası Pərvanə Əliyevanın “Azərbaycan milli geyimlərinə müasir baxış” kolleksiyaları təqdim olunub. Defilenin təşkilatçısı İctimai Birliyin İdarə Heyətinin üzvü, M.S.Ordubadinin xatirə muzeyinin direktoru vəzifəsini icra edən Rasimə Əhmədova olub.
Professor Röya Tağıyevanın rəhbərliyi altında birlik üzvləri tərəfindən xovlu və xovsuz xalçalar, bədii tikmə, bədii hörmə, keçə sənəti, miniatür sənəti, dəri rəngkarlığı, xəttatlıq və rəngkarlıq nümunələri sərgilənib. Ekspozisiyada xalçaçı-rəssam Eldar Hacıyev, bədii tikmə və bədii hörmə ustası Elmira Qasımova, eləcə də bədii tikmə ustası Şəhla Əsgərova və digər sənətkarların əsərləri də yer alıb.
Birlik üzvü Aynur Yunusova, Azərbaycan Milli Konservatoriyası nəzdindəki Musiqi Kollecinin müəllim-konsertmeysteri Könül Abdullayevanın müşayiəti ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin naləsi və Asiyanın nəğməsini səsləndirib.