Uşaqlığımın elə obrazları və detalları var ki, xəyalımdan heç çıxmır, daim yaddaşıma zülm eyləyir, müəyyən assosiativ mənalar yaradır. Onlardan qurtulmaq üçün əlifba sırası ilə (A-dan Z-ya) fraqmentlər yazmağa başladım. Nəticədə, 32 fraqment alındı. Poetik ricətlər, filoloji ştrixlər və xatirə elementləri bu yazıların süjet məxrəcində birləşdi. “Yurd yerinin əlifbası” adlandırdığım həmin silsilədən bir fraqmenti təqdim edirəm.
Müəllifdən
Gəlinin gətirdiyi cehiz üç dəst yorğan-döşək, üç xalça, karton qutulara yığılmış qab-qacaq və biz tərəflərdə “boy güzgüsü”, “bədənnüma”, yaxud “termo güzgü” deyilən güzgüdən ibarət idi.
Güzgü kəndin kələ-kötür yollarında silkələnməsin, sınmasın deyə yanını yorğan-döşəklə bərkitdilər, iki cavan oğlan da “QAZ-53″ün kuzovuna dırmaşıb həvəsi bir tərəfindən möhkəm yapışdı.
Güzgünü kürsülü evin eyvanına qoydular. Babamın mütəkkəli, xalçalı taxtı ilə qabaq-qənşər.
Üç gün sonra təzə gəlin odekalonlarını, çiyələk ətirli sabununu və qırmızı darağını güzgünün qabağına düzdü.
Birinci gündən babamın gözü güzgünü heç tutmadı. Kişi qalxanda da, uzananda da güzgüdə öz əksini görürdü. Və bundan bərk narahat olurdu.
Babam hər dəfə özünü güzgüdə görən kimi, “lənət şeytana!” – deyib tez də üzünü çevirirdi. Min bəhanə ilə başını qatırdı ki, güzgüyə tərəf baxmasın, eyvanda güzgünün mövcudluğunu unutsun.
Bir neçə dəfə oğluna güzgünün ordan götürülməsini eşitdirmişdi.
Axırda oğlu kişinin səbrsiz təhdidlərindən bezib:
– Ay ata, güzgünün yeri elə buradır, – dedi.
Bir də onu dedi ki, güzgü qız-gəlin üçündü.
Babam güzgünün adını çəkmirdi. “Güzgü” sözünün yerinə, “o” əvəzliyini işlədirdi: “onu gözümün qabağından rədd eləyin, onun yerini dəyişin”, “o olan yerdə mən yatammıram…”
Sonuncu dəfə güzgüyə 41-ci ildə, rayon hərbi komissarlığının yarıqaranlıq, rütubətli dəhlizində baxmışdı. Enli kürəkli, hündür boylu, sarıyanız Həmid idi. İndi isə bir ayağı yox – kənddə Topal Həmid, Çolaq Həmid ayamasını qazanmışdı.
Eyvanda bir güzgü də var idi, bu balaca dəyirmi güzgüdə babam yalnız ülgücün ağzına yığılmış tük qarışıq sabun köpüyünü və gözlərini görürdü. Babamın üzünü ya atam, ya da əmim təraş edirdi.
Əl güzgüsünü qışda şüşəbəndə söykəyib, yazda haçaqol tutun quru budağından, yayda isə çardağın orta dirəyinə vurulmuş paslı mismardan asıb təraş edirdilər.
Atam kişinin üzünü sağdan sola, əmim isə soldan sağa təraş edirdi.
Kişi dillənmədi və bu məsələyə bir daha qayıtmadı.
Kişi evdə olmayanda gəlin güzgünün üstündən pərdəni götürürdü, üzünə-gözünə tumar verirdi.
Şənbə günü babam mal bazarına gedirdi, idarənin, poçtun qabağına çıxırdı – gəlin onda daha ürəkli olurdu, güzgüdə özünü xeyli seyr edə bilirdi.
Elə ki, qum-çınqıl tökülmüş həyətdə çəliklərin tappıltısını eşidirdi, pərdəni çəkib, otağının səssizliyində qeyb olurdu.
Babam söyüşkən olsa da, güzgünün yanında kimisə danlayıb söyməzdi. Hikkəsini, hirsini boğurdu. Arvad-uşağa narazılığını eşikdə bildirirdi.
***
Babam yataq xəstəsi idi…
Bütün günü güzgü ilə baş-başa qalmışdı.
Güzgü susurdu, babam susurdu.
Güzgü susanda adamları aldadır.
Gecələr təzə ay gecənin kölgələrinə od vururdu. Lal bayquş ova çıxırdı.
Ayın gümüş işığında çəlikləri güzgüdə qoşalaşırdı.
Gündüz günəşin odu-alovu göyləri əridirdi. Tənha təkayaqlı bir əsgər uzaq savaşlardan yorğun evə qayıdırdı.
Ölən günü əl güzgüsünü ağzıüstə çevirdilər.
Qırxında gəlin boy güzgüsünün üstündən pərdəni götürdü, güzgünün tozunu silməyə başladı.
– Ay Allah, bu kişi kimdir? – deyə həyacanla qışqırdı və ərini çağırdı.
– Əmim:
– Atamdır, başın batmasın, tanımadınmı? – dedi.