Çin Xalq Respublikasının Sincan Uyğur Muxtar Rayonunun (SUMR) Kuça şəhərində 4-cü “İpək Yolu dostluq elçisi” mükafatlandırma mərasimi keçirilib.
Uvertura.az xəbər verir ki, Çin Beynəlxalq Mədəniyyət Mübadiləsi Mərkəzinin və “Jenmin Jibao” qəzetinin təşkilatçılığı, SUMR yerli hökumətinin dəstəyi iştirakı ilə keçirilən tədbirdə 15-dən çox ölkədən nümayəndələr, dövlət və hökumət rəsmiləri, elm adamları və mədəniyyət xadimləri iştirak edib. Mədəniyyətlərarası dialoqu və dostluğu təbliğ edən nüfuzlu beynəlxalq tədbirdə İpək yolu ölkələri arasında sülh, əməkdaşlıq və xalqlar arasında qarşılıqlı anlaşma ideallarına töhfə verən 10 nəfər və bir təşkilata “İpək Yolu dostluq elçisi” mükafatı təqdim olunub. Onlar arasında Çində yaşayan həmvətənimiz Asəf Tağıyev də olub.