Noyabrın 1-də Heydər Əliyev Mərkəzində Azərbaycan tarixinə ekskursiya etdirəcək “Uzun Həsən – Ağqoyunlu dövlətinin hökmdarı” sərgisinin açılışı olub. Bu, Uzun Həsənə həsr olunmuş ilk sərgidir.
Uvertura.az xəbər verir ki, 2024-cü il yanvarın 17-dək davam edəcək sərgidə görkəmli dövlət xadimi və sərkərdə Uzun Həsənin həyatı, onun yaratdığı Ağqoyunlu dövlətinə dair məlumatlarla tanış olmaq və eksponatları izləmək mümkündür.
Qeyd edək ki, bu il Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin (1423 – 1478) anadan olmasının 600-cü ildönümüdür.
Mərkəzin foyesində ziyarətçiləri Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı salamlayıb. Elə həmin məkanda Əməkdar artist Nailə Məmmədzadənin bədii rəhbərliyi ilə “Mirvari” rəqs qrupunun ifasında “Qılınclar ilə rəqs” təqdim edilib. “Helikon-opera” Moskva Musiqili Teatrının solisti Elnarə Məmmədovanın ifasında isə qədim zamanlardan bizə gəlib çatmış, hər bir azərbaycanlının qəlbində ən incə hisslərə toxunan “Sarı gəlin” xalq mahnısı səslənib.
Sərginin açılış mərasimində çıxış edən Heydər Əliyev Mərkəzinin Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru Əminə Məlikova bildirib ki, 2023-cü il Azərbaycan xalqı üçün çox əlamətdar illərdən biridir. Çünki bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilir. “Gənclərin elmi biliklərə yiyələnməsinə çox diqqətlə, həssaslıqla yanaşan Ulu Öndər Heydər Əliyev hər zaman onlara Azərbaycan tarixini yaxşı öyrənməyi tövsiyə edirdi”, – deyə o qeyd edib.
Sərgidə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən aparıcı muzeylərindən – Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Tarix Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, Gəncə Tarix Diyarşünaslıq Muzeyindən eksponatlar nümayiş etdirilib. Türkiyənin İstanbul şəhərində yerləşən Hərb Muzeyindən çox nadir eksponatlar da sərgidə yer alıb. Onların sırasında Uzun Həsənə aid olan nadir eksponat – zirehli geyim xüsusilə diqqəti cəlb edib. Bildirilib ki, bu eksponat Heydər Əliyev Mərkəzində nümayiş üçün 4 ay ərzində bərpa və konservasiya olunub.
Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı Hərb Muzeyinin (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) kolleksiyanın Türkiyədən kənarda ilk dəfə qardaş Azərbaycanda sərgilənməsinin onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. “Bizim üçün bu il həm Türkiyə Cümhuriyyətinin yaranmasının, həm də qardaş Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin anadan olmasının 100 illiyidir. İki əsrin birliyi Türkiyənin qardaşlığının və tərəfdaşlığının təməlini təşkil edir. Ötən tarixin mənalı dövrlərinə aid çoxlu səhifələr var. Bu baxımdan bu, iki 100 illik dövrün mənasına uyğun sərgidir”, – deyə diplomat qeyd edib.