Uvertura.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə martın 19-da Heydər Əliyev Sarayında “Novruz” musiqili tamaşası nümayiş olunub.
Mədəniyyət Nazirliyinin məsul şəxsləri, tanınmış mədəniyyət, incəsənət xadimləri, Vətən müharibəsi şəhidlərinin övladları, valideyn himayəsindən məhrum olmuş və sağlamlıq imkanları məhdud uşaqlar üçün internat və ümumtəhsil məktəblərinin şagirdləri səhnə işini izləyiblər.
Təbiətin oyanışını simvolizə edən ilaxır çərşənbələrin əhatə olunduğu dördhissəli tamaşanın məqsədi Azərbaycanın tarixi qədər qədim olan Novruz bayramını, onun çoxminillik adət-ənənələrini təbliğ etmək, milli-mənəvi dəyərləri gələcək nəsillərə ötürməkdir.
Tamaşada azyaşlı uşaqlar da aktyor qismində iştirak ediblər.
Qeyd edək ki, musiqili tamaşanın quruluşçu rejissoru Nicat Kazımovdur. O həm də yazıçı İlqar Fəhmi ilə tamaşanın ssenari müəllifliyini də paylaşır. Tamaşanın bəstəkarı Azər Hacıəsgərlidir.