“Titanik”dəki qapı 718 min dollara satılıb
“Heritage Auctions” Hollivud filmlərinin xatirə əşyalarının hərracını keçirib.
Uvertura.az xəbər verir ki, “Titanik” filminin (1997) sonunda Keyt Uinsletin qəhrəmanını (Roza) suyun üzərində saxlayan və nəticədə xilasına kömək olan qapı hərracın gedişində 718 min dollara satılıb. Lotun ilkin qiyməti 40 min dollar müəyyən edilmişdi.
“The Hollywood Reporter” xəbər verir ki, bu rekvizit “Titanik” filminin ən maraqlı səhnəsini əks etdirir. Qapının uzunluğu 2,44 metr, eni 1,04 metrdir.
Bundan əlavə, hərraca “The Shining” filmindən balta, 1984-cü ildə çəkilmiş “İndiana Cons” filmindən qamçı və “Titanik”in finalında Keyt Uinsletin əynindəki şifon paltarı daxil edilib. Sonuncu rekvizit 125 min dollara satılıb. Bu əşyaların yeni sahiblərinin adları açıqlanmayıb.
Alıcıların əldə etdikləri auksion əşyaları arasında “Kingpin”dən qırmızı qızılgüllərlə boulinq topu (350 min dollar) və “Hörümçək adam 3”dən Tobey Maguirenin qara kostyumu (125 min dollar) da var.