Uvertura.az xəbər verir ki, 8 Noyabr – Zəfər Günü işğaldan azad olunmuş torpaqlarda böyük təntənə ilə qeyd olunub.
Cəbrayıl şəhərində Zəfər bayramına həsr olunmuş konsert keçirilib. Öncə izləyicilərə Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx təqdim olunub. Proqramda vətənpərvərlik ruhunda Azərbaycanın xalq mahnıları səsləndirilib.
Laçın şəhərində şəhərində təşkil olunan bayram tədbirində Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti və “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları, şəhid ailələri, qazilər, hərbçilər rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və sakinlər iştirak ediblər.
Zəngilan rayonunun Ağalı kəndində gerçəkləşən bayram şənliyində kənd sakinləri, bölgədə fəaliyyət göstərən müxtəlif qurumların əməkdaşları, hərbçilər və onların ailə üzvləri iştirak ediblər.
8 Noyabrda, eyni zamanda, Şuşa Şəhəri Gününü qeyd edən sakinlər üçün, sözün əsl mənasında, bayram bayrama qarışıb. Çünki dörd il öncə Vətən müharibəsinin bu günü müzəffər Ordumuzun misli görünməmiş qəhrəmanlığı sayəsində qala-şəhərimiz düşməndən qurtulmuşdu. Şuşa zəfəri ilə, əslində, müharibənin də taleyi həll olunmuşdu…
Zəfər soraqlı tədbirlərin daha bir ünvanı Xankəndi şəhəri olub.