İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində qurulan Azərbaycan stendində kitab təqdimatları və ədəbi müzakirələr davam edir.
Uvertura.az xəbər verir ki, sərginin 3 cü günündə “Səninləyik Türkiyə” kitabının təqdimatı keçirilib
Tədbirin moderatoru, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi şair Səlim Babullaoğlu nəşr haqqında məlumat verib. Bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış kitab 6 fevral 2023-cü il tarixində Türkiyədə baş vermiş və 50 mindən artıq insanın həlak olması, on minlərlə insanın yaralanması ilə nəticələnən dəhşətli zəlzələyə həsr olunub.
Sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın təqdimat iştirakçılarına ünvanlanan məktubu oxunub.
Həmçinin Türkiyənin nüfuzlu “Heca” dərgisinin 2023-cü ildə işıq üzü görən “Modern Azərbaycan şeiri” adlı xüsusi sayının təqdimatı da olub.
Qeyd edək ki, aylıq “Heca” dərgisi 1997-ci ildən Ankarada nəşr olunur. Sonra İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan incəsənət ustalarının ifasında maraqlı konsert proqramı təqdim olunub.
Konsert proqramı böyük maraq və alqışlarla qarşılanıb.
Konsertdən sonra Azərbaycan stendində ziyarətçilər üçün milli şirniyyatlar təqdim olunub.