Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) gənc kinorejissor Türkan Hüseynin “Kapitan və Xəzər dənizi” film layihəsinə maliyyə dəstəyi edib.
AKİ-dən Uvertura.az-a verilən məlumata görə 20 Yanvar mövzusunun orijinal ekran həlli kinomuz üçün vacibdir, bu səbəbdən layihəyə dəstək verilib. Film format etibarilə animasiya sənədli filmidir, vizual həlli ilə seçilir.
Ekran əsəri 1990-cı il 20 Yanvar hadisələrində gəmi kapitanlarının göstərdiyi şücaətdən bəhs edir. “Kapitan və Xəzər dənizi” film layihəsi “Doc Lab Poland”ın keçirdiyi Krakov Beynəlxalq Film Festivalı çərçivəsində “CEDOC co-production” marketdə iştirak edib. Film xarici prodüserlərə əməkdaşlıq məqsədilə təqdim edilib, müzakirələr aparılıb.
Qeyd edək ki, Türkan Hüseyn Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Məktəbinin yetirməsidir, onun “Papanin” sənədli və “Sonuncu foto” qısametrajlı bədii filmi Bakı Beynəlxalq Qısametrajlı Filmlər Festivalının qalibi olub.