Keçmiş “Dostluq” kinoteatrı binasının yenidənqurulması və istifadəsi ilə bağlı keçirilən müsabiqəyə artıq 50-dən çox müraciət daxil olub.
Uvertura.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadə bildirib ki, müraciətlər arasında peşəkar memarların da yer alması səbəbindən nəticə barədə danışmaq hələ erkəndir:
“Düşünürəm ki, hər bir memar öz ideyasına uyğun təklif verəcək.”
Qeyd edək ki, Bakı şəhərinin Nəsimi rayonunun Azadlıq prospekti 76 ünvanında yerləşən keçmiş “Dostluq” kinoteatrı binasının yenidənqurulması və gələcək istifadəsi ilə bağlı açıq müsabiqə elan edilib. Azərbaycan Memarlar İttifaqı bu binanın təmir və istifadəyə verilməsi üçün memarlıq təkliflərinin hazırlanması məqsədilə müsabiqə təşkil etməyi qərara alıb.
“Dostluq” kinoteatrı 1950-ci illərdə eyni tipli layihə əsasında inşa olunsa da, 1990-cı illərin ortalarından kinofilm nümayişləri dayandırılıb və bina uzun müddət istifadəsiz qalıb. Baxımsızlıq nəticəsində binanın vəziyyəti pisləşib, texniki baxımdan yararsız hala düşüb. Sonradan bina özəlləşdirilərək şəxsi mülkiyyətə keçirilib.
Mülkiyyətçi tərəfindən binada möhkəmləndirmə və əsaslı təmir işlərinin aparılması planlaşdırılsa da, müvafiq dövlət qurumlarının ekspertlərinin verdiyi rəyə əsasən bina ağır qəzalı vəziyyətdədir. Bununla yanaşı, bina Azərbaycan dövlətinin qorumasına alınan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməyib.