Bu gün XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən şairin anadan olmasının 110 illiyi münasibətilə virtual sərgi hazırlanıb.
Kitabxanadan Uvertura.az-a bildirilib ki, hazırlanan virtual sərgidə şairin göz açdığı ictimai-siyasi, ədəbi mühiti ətraflı təsvir olunub.
Gənclik illərindən cəsur, vətənpərvər olan, böyük istedada malik Nigar xanımın mübarizələrlə dolu şərəfli, məzmunlu həyat və yaradıcılığı haqqında məlumat verilib və qeyd edilib ki, onun əsərlərinin leytmotivini vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları, insanın mənəvi aləmi, təbiət mənzərələri təşkil edir. Nigar Rəfibəylinin ədəbi yaradıcılığında tərcümə ədəbiyyatının da xüsusi yer aldığı vurğulanıb.
Virtual sərgidə şairin “Seçilmiş əsərləri”, “Məhəbbətim bölünmədi”, “Bahar nəğməsi” kimi kitablarının, tərcümə etdiyi Məhsəti Gəncəvinin rübailəri, Fridrix Şillerin “Pyeslər”i, Anton Pavloviç Çexovun “Seçilmiş əsərləri”nin, eləcə də haqqında yazılan kitabların, “Sevgidən doğulan poeziya”, “Nigar Rəfibəyli-incə ruhlu sənətkar”, “Poeziyamızın qoşa qanadı”, “O müqəddəs xatirələr” kimi dövrü mətbuatda çap olunan məqalələrin biblioqrafik təsviri yer alıb.