Aprelin 17-də Pekində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Ömür bir dəfə yaşanır” şeirlər kitabının Çin dilində nəşrinin təqdimatı olub.
Uvertüra.az xəbər verir ki, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının baş redaktorunun müavini xanım Çen Şiya bu nəşrin Çin ilə Azərbaycan arasında humanitar sahələrdə əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirib.
Azərbaycanın Çindəki səfiri Əkrəm Zeynallı mədəni-humanitar layihələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını, ölkələrimiz arasında əməkdaşlığı möhkəmləndirdiyini deyib. O, nəşrin oxuculara Azərbaycan mədəniyyəti haqqında məlumat əldə etməyə imkan verəcəyini, gələcəkdə bu istiqamətdə yeni layihələrin icrasına yol açacağına əminliyini bildirib.
Çin Yazıçılar Birliyi poeziya şurasının sədri, tanınmış şair Cidi Macia çıxışında bildirib ki, Leyla Əliyevanın poeziyası lirikdir, eyni zamanda dərin fəlsəfi məna daşıyır. Onun şeirlərini oxuyarkən müxtəlif dövrlərdə yaşamış şairlərin yaratdığı lirik ənənələrin müasir zamanımıza necə axıcı bir şəkildə süzülüb gəldiyinin şahidi oluruq.
Fondun dəstəyi ilə nəşr edilən kitabın ilk simvolik nüsxəsi Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynova təqdim olunub. Sonra Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili ixtisası üzrə məzunları Leyla Əliyevanın şeirlərini Çin dilində səsləndirib.
Əlavə edək ki, Heydər Əliyev Fondu ilk dəfədir azərbaycanlı şair və ədiblərinin kitablarının Çin dilində tərcüməsini edib.
Qeyd edək ki, təqdimat Heydər Əliyev Fondunun, Çin Xarici Dillər Nəşriyyatı Administrasiyasının və Azərbaycanın Çindəki səfirliyinin birgə təşkilatçılığı ilə keçirilib.