Görkəmli balerina, pedaqoq, SSRİ Xalq artisti, professor Leyla Vəkilovanın (1927-1999) ömür və sənət yoluna həsr olunmuş “Vəkilova” adlı sənədli film çəkilib.
Uvertura.az xəbər verir ki, yanvarın 29-da Nizami Kino Mərkəzində ekran əsərinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) məsul əməkdaşları, kino xadimləri, digər qonaqlar iştirak ediblər.
ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu rəqs sənətimizin görkəmli nümayəndəsi haqqında filmin əhəmiyyətindən danışıb. O digər sənət fədailəri haqqında da filmlərin lentə alınacağını diqqətə çatdırıb.
Filmin ssenari müəllifi, rejissoru və montajçısı, Əməkdar artist Samir Səmədov, ekran əsərinin prodüseri isə Gülnarə Lütfəliqızıdır.
İki ay ərzində ərsəyə gələn ekran işi Azərbaycan dilindən savayı ingilis və rus dillərində də səsləndirilib. Filmdə Leyla Vəkilovaya aid arxiv materiallarından istifadə olunub.
Xatırladaq ki, Leyla Vəkilova 1927-ci il Bakıda anadan olub. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet truppasının aparıcı solisti kimi çalışıb, eyni zamanda Azərbaycan Dövlət Rəqs Ansamblına rəhbərlik edib. Həmçinin Bakı Xoreoqrafiya Məktəbinin (indiki BXA) bədii rəhbəri olub.