Mədəniyyət Nazirliyində “Euronews” kanalının investisiya şirkətinin təsisçisi Pedro Davidin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.
Uvertura.az Report-a istinadən xəbər verir ki, nazirlikdən verilən xəbərə görə, qonaqları salamlayan mədəniyyət naziri Adil Kərimli nazirliklə “Euronews” kanalı arasında uzun illərə dayanan əməkdaşlıqdan məmnunluğunu bildirib.
Deyib ki, “Euronews”da Azərbaycan xalqının çoxəsrlik mədəni irsini, o cümlədən xalça və muğam sənətlərini, adət-ənənələrini əks etdirən videoçarxların hazırlanması, ayrı-ayrı mədəniyyət layihələri, xüsusilə Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı ilə bağlı süjetlərin yayımlanması təqdirəlayiqdir.
Söhbət zamanı gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub. Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinə dair sənədli filmlərin lentə alınaraq beynəlxalq auditoriyaya təqdim edilməsinin əhəmiyyəti vurğulanıb