Məşhur fotoqraf Reza Deghati Qarabağ ilə bağlı reallıqları dünya ictimaiyyətinə çatdırmağa davam edir.
Uvertüra.az Azernews-ingilis nəşrinə istinadən xəbər verir ki, apreldə fotojurnalist bir sıra şəhər və ölkələrdə sərgi və konfranslar təşkil etməyə davam edəcək.
Bu ölkə və şəhərlər sırasına Lozanna, Brüsel, Venesiya, Mərakeş, Avstriya, Fransa və s. daxidir. O, adıçəkilən ölkə və şəhərlərə səyahəti çərçivəsində dünya ictimaiyyətini Qarabağ həqiqətləri ilə bağlı məlumatlandıracaq, Azərbaycanın Ermənistan işğalından azad etdiyi ərazilərdə yenidənqurma və bərpa işlərindən bəhs edəcək.
Qeyd edək ki, 40 ildən çox bir müddətdə fotoqraf minlərlə fotolar çəkib və onlarda insan hekayələri gizlənib. Reza ilk dəfə Azərbaycana 1987-ci ildə gəlib. 1997-ci ildə isə o, Azərbaycanda bir neçə ay yaşayıb və adi insanların gündəlik həyatlarını, adət və ənənələrini fotolentə alıb. O, bir çox beynəlxalq mükafatlara layiq görülüb. Eyni zamanda 2022-ci ildə isə Prezident İlham Əliyev onu “Dostluq” ordeni ilə mükafatlandırıb.