Görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı Maestro Niyazinin anadan olmasının 111 illiyi münasibətilə onun mənzil-muzeyində tədbir keçirilib.
Uvertura.az xəbər verir ki, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova görkəmli sənətkarın həyat və yaradıcılığı haqqında məlumat verib.
O vurğulayıb ki, Niyazinin Azərbaycan incəsənətinin çiçəklənməsi yolunda zəngin fəaliyyəti müasir mədəniyyət tariximizin parlaq səhifəsini təşkil edir. Milli dirijorluq məktəbinin formalaşması və az vaxtda böyük inkişaf yolu keçməsi bilavasitə onun adı ilə bağlıdır. Dirijor Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində, beynəlxalq aləmdə şöhrət qazanmasında müstəsna xidmətlər göstərmişdi. Bəstəkar Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr vermişdi. Onun “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili-xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləridir.
Sonra Ulu Öndər Heydər Əliyevin Maestro Niyazinin 90 illik yubileyində görkəmli sənətkar haqqında çıxışının videoyazısı nümayiş olunub.
Tədbir Musiqi Akademiyasının professoru, Xalq artisti, pianoçu Ülviyyə Hacıbəyova, musiqişünas Sevinc İbrahimova (f-no, vokal), Mircəfər Mövsümzadə (tar, vokal), Beynəlxalq müsabiqələr laureatı Nəriman Əmiraslanovun (onlayn f-no) ifalarında konsert proqramı ilə davam edib.
Tədbirin sonunda Maestro Niyazinin qohumu Sahib Qədimov tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edib.