Türkiyədə Osmanlı tarixçisi Şakir Paşanın ailəsindən bəhs edən və böyük maraqla izlənilən “Şakir Paşa Ailesi: Mucizeler ve Skandallar” serialının çəkildiyi məkanda yanğın baş verib.
Uvertura.az Qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın nəticəsində Büyük adadakı tarixi malikanənin dekor olaraq qurulan hissəsi tamamilə yanıb.
Çəkiliş heyətinin verdiyi açıqlamaya əsasən, hadisə gecə saat 01:30 radələrində baş verib və yanğının səbəbi mütəxəssislər tərəfindən araşdırılır.
Serialın sosial şəbəkə hesabında yayımlanan açıqlamada belə qeyd edilib:
“Bu gecə saat 01:30 radələrində çəkiliş apardığımız məkanda böyük yanğın baş verdi və təəssüf ki, Şakir Paşa köşkü tamamilə yandı. Həmin vaxt çəkiliş meydançasında heç kim olmayıb. Yanğının səbəbi və təxribat ehtimalı qiymətləndiriləcək. Bu həftənin bazar günü 3-cü bölüm yayımlandıqdan sonra çəkilişlərimizə ara verəcəyik. Qısa müddət ərzində köşk yenidən inşa ediləcək və çəkilişlər davam etdiriləcək. Heç bir itkinin olmaması ən böyük təsəllimizdir.”
Xatırladaq ki, Şakir Paşa Ailəsi Osmanlı İmperatorluğunun son dövrlərində və Cümhuriyyətin ilk illərində önəmli bir ailə kimi tanınır. Ailənin malikanəsi Büyük adanın Şehbal küçəsində yerləşirdi. İllər əvvəl baş verən yanğın nəticəsində orijinal malikanə tamamilə yanıb.