Dekabrın 24-də Gürcüstanın Marneuli şəhərində “Heydər Əliyev ili”nin yekunlarına və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan-Gürcüstan mədəni əlaqələri” adlı tədbir keçirilib.
Uvertura.az xəbər verir ki, tədbir “Türk Ağsaqqalar İctimai Birliyi” (TAİB) və Marneulidəki “Çay Evi” Təhsil və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə baş tutub.
Marneuli Mədəniyyət Mərkəzinin foyesində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən elektron fotosərgi açılıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Eldar Bayramov çıxış edərək bildirib ki, müasir Azərbaycan və Gürcüstan dostluğu məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır: “Heydər Əliyev və Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadzenin birgə fəaliyyəti nəticəsində həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri təkcə bizim deyil, regionun və digər dünya xalqlarının rifah halının yaxşılaşmasına xidmət edir. Gürcü xalqının yaxın dostu olan Heydər Əliyev çətin dövrlərdə qardaşlıq yardımını əsirgəməyib. Eyni zamanda, Ulu Öndər Gürcüstan ərazisindəki milli-mənəvi dəyərlərimizin, etnik-mədəni irsimizin qorunmasını və yaşadılmasını müstəqil Azərbaycanın dövlət siyasəti səviyyəsinə qaldırıb”.
Tədbir çərçivəsində gürcü tarixçi alim, politoloq Quram Marxuliyaya Turan Elmlər Akademiyasının akademiki fəxri adı təqdim olunub.