“Sotheby’s” hərrac evi əfsanəvi basketbolçu Maykl Cordanın əşyalarının indiyədək ən böyük hərracını keçirəcək.
Uvertura.az Report-a istinadən xəbər verir ki, bu barədə “Barron’s” yazıb.
Hərrac 23 oktyabr – 4 noyabr tarixlərində onlayn keçiriləcək və əsas lot Cordanın “Çikaqo Bullz”un 1996-1997 Milli Basketbol Assosiasiyası (NBA) çempionluq mövsümündə geyindiyi köynək olacaq. Onun dəyəri ilkin olaraq 4-6 milyon dollar qiymətləndirilir.
Bu köynəkdən əlavə, hərracda daha dörd lot təqdim olunacaq.
Cordanın 1992-ci il Barselona Olimpiadasında ölkə yığmasının qızıl medallarla mükafatlandırılması mərasimində “Reebok” loqosunu ağıllıcasına örtdüyü ABŞ bayrağının 1 milyon dollardan baha satılacağı gözlənilir. “Reebok” komandanın sponsoru olsa da, oyunçunun özü “Nike” ilə əməkdaşlıq edirdi. Bayraqda Çarlz Barkli, Larri Börd, Məcik Conson, Skotti Pippen və basketbol tarixinin ən yaxşı komandası hesab edilən həmin əfsanəvi komandadakı Cordanın digər komanda yoldaşları imza atıblar.