Martın 17-də Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı sərgi açılıb.
Uvertura.az xəbər verir ki, sərginin açılışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyeva iştirak ediblər.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov sərginin açılış mərasimində çıxış edərək Azərbaycan və Özbəkistan arasında əsrlərə söykənən dostluq və qardaşlıq münasibətlərinin xüsusilə son illər Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri əsasında uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycan-Özbəkistan münasibətlərində mədəni əlaqələrin xüsusi yer tutduğunu qeyd edən Prezidentin köməkçisi ölkələrimizin mədəniyyət günlərinin uğurla təşkil olunduğunu xatırladıb.
Bu sərginin ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir göstəricisi olduğunu qeyd edən Anar Ələkbərov deyib: “Heydər Əliyev Mərkəzi hazırda beynəlxalq konfransların, sərgilərin keçirilməsi üçün platformaya çevrilib. Bu tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürümüzü bildirmək istərdik. Bu gün biz Özbəkistan Respublikası Prezidentinin köməkçisi Saida Mirziyoyevanın və Özbəkistan Mədəniyyətinin və İncəsənətinin İnkişafı Fondunun sayəsində Heydər Əliyev Mərkəzində Özbəkistana həsr olunan birinci tədbiri keçiririk. Dünən “Lazgi. Qəlb və sevginin rəqsi” adlı balet tamaşasının təqdimatı oldu. Bu, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olan rəqsdir. Bildiyiniz kimi, gələn həftə Novruz bayramıdır. Bu bayram günlərində ziyarətçilərimiz həm bu gün açılan sərgi, həm də bu sərgi ərəfəsində Mərkəzdə Daniel Vürtzelin nümayiş etdirilən “Hava fontanı” instalyasiyası ilə tanış ola biləcəklər”.
Özbəkistan Prezidentinin köməkçisi Saida Mirziyoyeva tədbirdə çıxış edərək Azərbaycanda olmaqdan və bu sərginin təşkilindən məmnunluğunu ifadə edib: “Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində “İlmələrdə yaşayan irs: Özbəkistan tikmələrinə səyahət” adlı böyük sərgi açılır. Bu sərgi təkcə dekorativ-tətbiqi sənət kolleksiyasını nümayiş etdirmir, həm də Özbəkistanın mədəni irsinin zəngin müxtəlifliyinin canlı şahidi, onun tarixi dərinliyinin və mədəni təkamülünün təcəssümüdür”.