Aprelin 11–12-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanan “Mesenat” tamaşasının premyerası keçiriləcək.
Teatrdan Uvertura.az-a bildirilib ki, quruluşçu rejissoru Prezident mükafatçısı Samir Qulamov olan ikihissəli musiqili dram Azərbaycanın məşhur xeyriyyəçisi və neft milyonçusu Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edir. Tamaşada onun taleyi ilə yanaşı, yaşadığı dövrün mürəkkəb ictimai-siyasi hadisələri də əks olunur.
Səhnə əsərinin bəstəkarı Əli Əliyevdir. Musiqi tərtibatında həmçinin Yohann Ştraus II, Salvatore Markezi və Frederik Şopenin əsərlərindən istifadə olunub.
Premyeranı izləmək istəyənlər biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və iticket.az saytından əldə edə bilərlər.
