Noyabrın 13-də Milli Kitabxanada “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı “Green World Solidarity Year” mövzusunda virtual sərginin və ənənəvi kitab sərgisinin təqdimatı keçirilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq bu gün keçirilən bütün təqdimatların qayəsinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı olduğunu bildirib
Tədbirdə “İqlim dəyişikliyi” mövzusuna həsr olunmuş “Green World Solidarity Year” adlı virtual sərginin təqdimatı olub. Virtual sərgidə yaşıl iqtisadiyyat, yaşıl inkişaf, ekologiya və davamlı inkişaf, ekologiyanın qorunması və müasir problemləri və s. haqqında Azərbaycan və xarici dillərdə məqalələr və ədəbiyyatlar nümayiş olunur.
Sonda tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş geniş kitab sərgisi ilə tanış olublar. Ənənəvi kitab sərgisində isə ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə, Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi, tullantıların idarə olunması, atmosfer havasının mühafizəsi, ekoturizmin və akvakulturanın inkişafı, meşə örtüyünün, yaşıllıqların mühafizəsi və artırılması, çirklənmiş ərazilərin bərpası, torpaq ehtiyatlarının münbitliyinin artırılması və s. haqqında Azərbaycan və xarici dillərdə kitablar, fotolar nümayiş olunur.