Azərbaycanın görkəmli satirik şairi Mirzə Ələkbər Sabir 1862-ci ildə Şamaxıda anadan olmuşdu. Əvvəlcə mollaxanada oxumuş, 12 yaşından isə təhsilini məşhur şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbdə davam etdirmişdi. Bu məktəb onun üçün faydalı olmuş, biliyinin və şairlik istedadının inkişafına kömək etmişdir.
XX əsrin əvvəllərindən Sabirin şeirləri mətbuat səhifələrində görünməyə başlayır. 1906-cı ildə “Molla Nəsrəddin” jurnalını öz arzularına müvafiq uyğun bir dərgi kimi qarşılayıb onun ən fəal müəlliflərindən biri olur. Həmin vaxtdan Cəlil Məmmədquluzadə ilə Sabir arasında qırılmaz dostluq münasibətləri yarandı. Hər iki sənətkar zalım bəyləri, yaltaq ruhaniləri, satqın ziyalıları satira atəşinə tutur. Onlara hədə-qorxu gəlirlər. Bu səbəbdən şair imzasını tez-tez dəyişməli olur. “Molla Nəsrəddin” jurnalında şair 36 gizli imza ilə çıxış etmişdi.
Sabirin seçilmiş əsərlərinin “Hophopnamə” adlandırılması “Hophop” imzası ilə əlaqədardır. Onun “Fəhlə”, “Əkinçi”, “Oxutmuram, əl çəkin” şeirləri vaxtilə çox məşhur idi.
Sabir çox sevdiyi uşaqları da yaddan çıxarmamış, onlar üçün “Gəl, gəl a yaz günləri”, “Uşaq və buz”, “Yalançı çoban” və digər şeirlər yazmışdı.
1910-cu ilin əvvəllərində Bakıya gələn Sabir, “Zənbur” jurnalında, “Günəş” və “Həqiqət” qəzetlərində işləyir. Elə həmin ilin axırında xəstəliyi səbəbindən geriyə, Şamaxıya qayıdır.
Böyük şair 1911-ci il iyulun 12-də vəfat edir. Məzarı Şamaxıda “Yeddi günbəz” qəbiristanındadır.