Məşhur azərbaycanlı modelyer-dizayner Gülnarə Xəlilovanın milli geyimlərindən ibarət kolleksiyası Serbiyanın paytaxt şəhəri Belqradda nümayiş edilmişdir.
Uvertüra.az xəbər verir ki, üç gün davam edən tədbir Belqradda Azərbaycan Mədəniyyət Günləri çərçivəsində keçirilmişdir. Dəstəkçi qurumlar isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Serbiyada Azərbaycan səfirliyi olub. Bildirilib ki, tədbir iştirakçılar arasında maraqla qarşılanmışdır.
“Qarabağ” kolleksiyasından milli geyimlərin ekspozisiyası “Odlar Yurdu, Azərbaycan – Azerbaijan, The Land Of Fire” Mədəni İrs layihəsi çərçivəsində Belqraddakı Madlena Art Palace-da təqdim edilib.
Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəridir, sənətşunaslıq üzrə fəlsəfə doktorudur. Onun dəb kolleksiyası ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və başqa ölkələrdə keçirilən dəb həftəsi və beynəlxalq tədbirlərdə nümayiş edilmişdir.