Azərbaycan kəlağayısının UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi münasibətilə Moskva Millətlər Evində “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adlı tədbir təşkil edilib.
Uvertura.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtariyyətinin sədri Bəxtiyar Həsənov çıxış edərək kəlağayının Azərbaycanda qadınlara məxsus, ipək sapdan hazırlanmış baş örtüyü olduğunu və onun həm qədim mədəniyyətin, tarixi ənənələrin simvolu, həm də Odlar yurdunun gözəllik, incəlik, namus və ləyaqət rəmzi olduğunu qeyd edib.
Çıxışlardan sonra milli musiqi alətimiz sazla müşayiət olunan Azərbaycan xalq mahnıları səsləndirilib və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası əsasında gənclər tərəfindən səhnələşdirilmiş musiqili nömrə təqdim olunub.
Tədbirin təşəbbüskarı, Qadınlar Birliyinin rəhbəri Leyla Fərəcova kəlağayı haqqında şeirlər oxuyub. Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi, şair-tərcüməçi Afaq Şıxlı isə kəlağayının xüsusiyyətlərini izah edib.
Bəxtiyar Həsənov tədbir çərçivəsində keçirilən “Qadın ipək baş geyimlərinin istehsalı və daşınmasının ənənəvi mədəniyyəti və onun simvolizmi” mövzusunda müsabiqənin qaliblərinə diplomlar təqdim edib.